KÜR ÇAYI QURUDU
Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsi son bir neçə gündür quruyub. Çayda suyun səviyyəsinin kəskin azalması Kürətrafı bölgələrdə yaşayan minlərlə sakini çıxılmaz vəziyyətdə qoyub. Kəndlərdə içməli su problemi yaranıb. Kəndlilər yaz əkini dövründə suvarma suyunun çatışmazlığı səbəbindən əkin sahələrinin məhv olacağından da narahatdırlar.
Kür çayı sahilində yerləşən Neftçala şəhərinin sakini Nizam Hüseynov Meydan TV-yə bildirib ki, təxminən 10 gündür çay quruyub. Son bir-iki gündür axın yaransa da, bəzi ərazilərdə hələ də nasoslarla su vurulması mümkün deyil.
Sabirabadın Surra kənd sakini Məmməd Məmmədov isə deyib ki, Kürdə suyun səviyyəsinin düşməsi artıq üç ildir əkinlər üçün çətinliklər yaradır. Vaxtlı-vaxtında suvarma apara bilmədiklərindən məhsulları məhv olur, ən yaxşı halda məhsuldarlıq aşağı düşür, zərər edirlər. Bununla belə, Məmmədov ümidini yaz yağışına bağlayıb:
“Hələ hava yağmurlu deyil, amma ümidimi üzmürəm, gecə-gündüz Allaha dua edirəm”.
Ətraflı oxumaq üçün: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-azerbaycanda-su-heyecani.html
